REGİONLAR


Tacikistanın ölkəmizdəki səfiri muxtar respublikanın gəzməli-görməli yerləri ilə tanış olub

Naxçıvan, 10 aprel, AZƏRTAC

Tacikistanın ölkəmizdəki səfiri Rüstəm Soli Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın tarixi-mədəni abidələrini, təhsil, səhiyyə ocaqlarını da ziyarət edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra diplomat Heydər Əliyev Muzeyini ziyarət edərək, Ümummilli Liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Səfir Rüstəm Soli Naxçıvan Dövlət Universitetində (NDU) də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının strukturu, universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, buradakı tədris-mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, universitet beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli uğurlar qazanıb.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbirdə səfir Rüstəm Soli səmimi görüşə görə təşəkkürünü bildirib, diplomatik fəaliyyəti, Tacikistanda həyata keçirilən islahatlar, ölkə təhsilindəki yeniliklər barədə tələbələrə mühazirə söyləyib. Tacikistanla Azərbaycanın qədim dostluq tarixinə nəzər salan diplomat həmin ənənələrin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən danışan səfir bunun üçün NDU-da çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra edilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

Duzdağ Fizioterapiya Mərkəzində olan qonağa məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edən diplomata bildirilib ki, bu abidə yüz illərdir, insanların üz tutduğu müqəddəs yerlərdən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaqlar ziyarət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.