DÜNYA
Tacikistanın təhlükəsizlik qüvvələri ölkənin şərqində antiterror əməliyyatı keçirir
Bakı, 18 may, AZƏRTAC
Tacikistanın güc strukturları ölkənin şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində antiterror əməliyyatına başlayıb.
AZƏRTAC Tacikistan mediasına istinadla xəbər verir ki, bu barədə məlumat Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi tərəfindən yayılıb.
“İctimai-siyasi sabitliyi pozmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri Düşənbə-Kulma beynəlxalq avtomobil yolunun Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonu ərazisindən keçən hissəsini qanunsuz olaraq bağlayıblar. Bununla əlaqədar respublikanın hüquq-mühafizə orqanları Düşənbə-Kulma beynəlxalq avtomobil yolunda vətəndaşların təhlükəsizliyini və ictimai asayişi bərpa etmək, həmçinin avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə antiterror əməliyyatına başlayıb”, - deyə məlumatda qeyd olunur.
Mətbuat mərkəzindən bildirilib ki, beynəlxalq terror təşkilatlarının dəstəyi ilə ölkə hüdudlarından kənarda silah-sursat əldə edən cinayətkarlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbinə məhəl qoymayaraq silahlı müqavimət göstərirlər.