İDMAN
Taekvando üzrə uşaqlardan ibarət yığmamızın üzvləri Azərbaycanın Bolqarıstandakı səfirliyində olublar
Sofiya, 29 iyul, AZƏRTAC
Taekvando üzrə uşaqlardan ibarət komandamızın üzvləri, yığmamızın baş və böyük məşqçiləri Səbuhi Zülfüqarov və Sənan Həşimov “Erasmus+” proqramı çərçivəsində “Ci Do Kvan” – “Təmiz düşüncə yolu – Gənc işçilər və könüllülər idmanda” layihəsi ilə əlaqədar bu ölkədə olublar. İyulun 21-28-də gənc idmançılar Bolqarıstanın qış kurortlarından olan Bansko şəhərində təşkil edilmiş beynəlxalq təlim düşərgəsində iştirak ediblər.
Düşərgədə iştirak edən gənc idmançılarla Azərbaycanın Bolqarıstandakı səfirliyində görüş keçirilib. Bolqarıstan Taekvando Federasiyasının layihələr departamentinin rəhbəri Nikolay Qlavçevin də iştirak etdiyi görüşdə səfir Nərgiz Qurbanova gənc idmançılara səfirliyin fəaliyyəti, Bolqarıstan-Azərbaycan münasibətləri barədə məlumat verib. Azərbaycanda idman sahəsinə xüsusi diqqətdən bəhs edən diplomat son illər ölkəmizin birinci Avropa, İslam Həmrəyliyi Oyunlarına, Ümumdünya Şahmat Olimpiadasına, Formula-1 yarışlarına ev sahibliyi etməsindən söz açıb.
Bolqarıstan ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən səfir Azərbaycanın bədii gimnastika üzrə milli komandamızın baş məşqçisinin bolqar mütəxəssis olduğunu bildirib. O, mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında bolqar əsilli Elis Manolovanın Azərbaycanı təmsil edərək qızıl medala layiq görüldüyünü vurğulayıb.
Görüşdə Nikolay Qlavçev ilə Azərbaycan və Bolqarıstan Taekvando federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. N.Qlavçev yuxarıda qeyd edilən layihənin davamı olaraq Bolqarıstanın taekvando üzrə uşaqlardan ibarət yığma komandasının üzvlərinin Azərbaycana səfərinin gözlənildiyini bildirib. O, Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Həmçinin tərəflər yaxın zamanlarda Azərbaycan Taekvando Federasiyası ilə Bolqarıstan Taekvando Federasiyası arasında əməkdaşlıq haqqında sazişin imzalanması perspektivi barədə müzakirələr aparıblar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya