SİYASƏT


Tahir Budaqov: Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və ictimai tələblərdən yaranmış partiyadır

Bakı, 19 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və ictimai tələblərdən yaranmış partiyadır. Məlumdur ki, 1990-cı illərin əvvəlində Azərbaycanın bir dövlət olaraq mövcudluğu sual altında idi. Faktiki olaraq, Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra sovet imperiyası tərəfindən Azərbaycana qarşı aparılan siyasət, bunun nəticəsi olaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamızda mürəkkəb vəziyyət yaranmışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, o dövrdə Azərbaycan müstəqilliyini elan etsə də, bu, formal xarakter daşıyırdı. “Belə bir şəraitdə Azərbaycanın gələcəyi böyük sual altında idi. Respublikamızı düşdüyü bu ağır vəziyyətdən dünyamiqyaslı siyasi xadim Heydər Əliyev xilas edə bilərdi. Bu reallığı ziyalılar, mütərəqqi düşüncəli insanlar dərk edirdilər. 1992-ci ildə məşhur 91-lərin müraciəti əsasında Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi. YAP yaranandan qısa zaman sonra müxalifət partiyasından iqtidar partiyasına çevrildi, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycanı bütün bu bəlalardan xilas edərək inkişaf və tərəqqi yoluna çıxardı, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Bu gün YAP-ın fəaliyyətinin Heydər Əliyev ideyalarına əsaslandığını deyən partiyanın Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev partiyamızın rəhbəri kimi bu ideyaların daha da inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyasının təbliğ edilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi yolunda daim böyük səylər göstərib.

“44 günlük Vətən müharibəsi də Heydər Əliyev yolunun Azərbaycan üçün yeganə, alternativsiz yol olduğunu bir daha təsdiqlədi. Biz bu gün Azərbaycan vətəndaşı olmağımızla qürur duyuruq. Azərbaycanın müasir inkişaf modeli, ölkəmizin tərəqqisi bir çox dövlətlər üçün də nümunə ola bilər. Xalqımız, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvləri bütün bu dövr ərzində - istər ümummilli lider Heydər Əliyev ətrafında, istərsə Prezident İlham Əliyev ətrafında həmişə sıx birləşib. Çünki getdiyimiz yol Azərbaycanı daim zəfərlərə aparır”, - deyə YAP Sədrinin müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.