İQTİSADİYYAT
Tahir Mirkişili: Risklərdən yayınmaq üçün proqnozlaşdırma dəqiq olmalıdır

Bakı, 7 iyun, AZƏRTAC
Dünyada baş verən proseslər fonunda artım tempinin aşağı düşməsi meyilləri müşahidə olunur. 2022-ci ildə müşayiət olunan güclü inflyasiya bütün dünyada olduğu kimi, Azərbaycanda da fiskal siyasəti dəyişməyə məcbur edib. İnflyasiya təbii olaraq uçot dərəcəsinin aşağı düşməsinə, ÜDM-in tempinə də təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iyunun 7-də keçirilən iclasında 2023-cü il üçün dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bütün bunlar məşğulluq məsələlərindən də yan keçməyib. Beynəlxalq və yerli hesabatlar iqtisadi tempin aşağı düşməsi proqnozunu verir. Neftin bir barelinin orta illik qiyməti də verilən proqnozlarla cari il əldə olunan nəticələr arasında müəyyən fərqlərin olması da bunu sübut edir. Bu səbəbdən Azərbaycanda da iqtisadi tempin azalması labüd prosesdir.
“Bütün bunlar vergi daxilolmalarına və büdcə planlaşdırmasına təsir edən amillərdəndir. Risklərdən yayınmaq üçün proqnozlaşdırma dəqiq olmalıdır”, - deyə Tahir Mirkişili vurğulayıb.