MƏDƏNİYYƏT
Tahirə Rzayeva: Azərbaycan dünyada gözəl və Odlar Yurdu kimi tanınan bir ölkədir VİDEO
Kopenhagen, 6 may (AZƏRTAC). Azərbaycan gözəl və Odlar Yurdu kimi tanınan bir ölkədir. Bakı artıq Şərq və Qərb elementlərini özündə birləşdirən bir Avropa paytaxtıdır. Buradan Azərbaycanda hər kəsi salamlayır və bağrıma basıram.
Bu sözləri Danimarkada yaşayan həmvətənimiz Tahirə Rzayeva AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Bu il ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova ilə bağlı fikirlərini bölüşən həmvətənimiz Azərbaycanın bu mötəbər yarışmada layiqli yerə sahib olacağını qeyd etmişdir.
Danimarkada ölkəmizə 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsindən sonra marağın daha da artdığını bildirən T.Rzayeva, respublikamızda reallaşan nüfuzlu beynəlxalq yarışların, festivalların, tədbirlərin Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna bariz nümunə olduğunu xüsusilə vurğulayaraq demişdir: “Əminliklə deyə bilərəm ki, hər üç danimarkalıdan biri Azərbaycanı tanıyır, ölkəmiz haqqında məlumatları maraqla dinləyir. Burada yaşayan danimarkalı dostlarım Azərbaycanı turist kimi gəzmək istəyirlər. İstərdim ki, digər avropalılar da bizim xalqın necə qonaqpərvər, istiqanlı olduqlarını görsünlər. Biz qürbətdəyik, lakin burada azərbaycanlılarımız vardır. Biz bir araya toplaşaraq ölkəmizin adət-ənənələrini, bayramlarımızı qeyd edirik”.
Danimarkada “Azərbaycan Evi”nin də fəaliyyət göstərdiyini də vurğulayan Tahirə Rzayeva, həmvətənlərimizlə birgə xalqımızın ağrılı hadisələrini – Xocalı soyqırımının və digər faciələrin ildönümünü yad etdiklərini də diqqətə çatdırmışdır.
Qürbətdə yaşayan hər bir azərbaycanlının Azərbaycanın mədəniyyətini, incəsənətini daha da geniş kütlə arasında yaymaq üçün çalışmalı olduğunu söyləyən T.Rzayeva, qərib ölkədə yaşasa da ölkəmizi bir an belə unutmadığını xüsusilə vurğulamışdır. T.Rzayeva demişdir: “Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq Azərbaycan həmişə bizimlədir, ürəyimizdədir, qəlbimizdədir. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Yaşasın Azərbaycan!”
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen