CƏMİYYƏT
Tailand "Sinovac"ın COVID-19 əleyhinə peyvəndinin təcili istifadəsini təsdiqləyib
Pekin, 23 fevral, AZƏRTAC
Tailand hökuməti Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 əleyhinə “CoronaVAC” adlı peyvəndinin təcili istifadəsini təsdiqləyib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Tailandın Baş naziri Prayut Çan-o-ça Çindən alınan vaksinlərin ilk partiyasının fevralın 24-də ölkəyə gətiriləcəyini, özünün də ilk peyvənd vurulanlardan biri olacağını deyib. Peyvəndlərin 2-ci partiyası martda, 3-cü isə apreldə Tailanda gətiriləcək.
Tailandın xəstəliklərə nəzarət departamentinin direktoru Opas Kankavinponq ölkədə ilk olaraq tibb işçilərinə, COVID-19 xəstələri ilə yaxın təmasda olanlara, 60-dan yuxarı yaşı olanlara peyvənd vurulacağını bildirib.
Qeyd edək ki, “Sinovac Biotech” şirkətinin COVID-19 virusuna qarşı peyvəndinə dünyada maraq böyükdür. “CoronaVAC” peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya, Çili, Kolumbiya, Meksika, Filippin və bir neçə başqa ölkədə tətbiqinə icazə verilib. Ötən ay Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz “Sinovac”ın peyvəndindən istifadə olunur. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi istifadəsinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin