ELM VƏ TƏHSİL
Tailandda təşkil olunan fotosərgidə ADU-nun Konfutsi İnstitutunun məlumat stendi təqdim edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Tailandın paytaxtı Bankonqdakı Bansomdejxaopraya Radjabat Universitetində “İpək Yolu iqtisadi qurşağı” və “XXI əsrin Dəniz İpək Yolu”nun yaradılması və “Bir kəmər-bir yol” adlı Çin layihəsinin həyata keçirilməsində iştirak edən Asiya ölkələri Konfutsi institutlarının beynəlxalq konfransı başa çatıb. “Konfutsi institutlarının 2012-2020-ci illər dövründə inkişaf planı” çərçivəsində təşkil edilən konfransda 44 Konfutsi İnstitutu və Asiya ölkələrinin 17 Konfutsi sinfi, o cümlədən Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua iştirak edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, “Bir kəmər-bir yol” təşəbbüskarlığı və Konfutsi institutlarının inkişafı” devizi altında keçirilən konfransda Asiya ölkələri üzrə milli kadrların və Çin dili müəllimlərinin hazırlanması, Konfutsi institutlarının perspektivli inkişaf sahələri və aktual problemlərindən bəhs edilib. Konfransda Böyük İpək Yolunun birləşdirdiyi ölkələrin Konfutsi institutlarının fəaliyyətinə həsr olunmuş fotosərgi təşkil olunub. Fotosərgidə ADU-nun Konfutsi İnstitutunun məlumat stendi də təqdim olunub.
Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutu “Bir kəmər-bir yol” konsepsiyasının həyata keçirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılmasına töhfələr verib. Bu sözləri ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru professor Rafiq Abbasov vurğulayıb.