İQTİSADİYYAT
Takehiko Nakao: Adi kapital resurslarının birləşməsi regionun yoxsul ölkələrinə dəstəyi gücləndirəcək VİDEO
Bakı, 2 may, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası Asiya İnkişaf Fondunun (AİF) kredit əməliyyatlarının Adi Kapital Resurslarının balans hesabatı ilə birləşdirilməsi üzrə mühüm təşəbbüsü təsdiq edib. Bu birləşmə AİB-in illik ümumi kredit və qrant ayırmaları üzrə büdcəsini 20 milyard ABŞ dollarına, yəni hazırkı səviyyənin 50 faizi həcmində artırılması üçün şərait yaradacaq. AİB-in yoxsul ölkələrə yardımı 70 faizə qədər artacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə AİB-in prezidenti Takehiko Nakao mayın 2-də keçirdiyi mətbuat konfransında deyib. Bildirilib ki, bu islahat AİB üçün çox önəmlidir. Belə ki, 2017-ci ilin yanvarından etibarən qüvvədə olacaq bu islahat xüsusilə yoxsul ölkələrə AİB-in kredit qabiliyyətini artıracaq. 1973-cü ildə təsis edilmiş AİF yoxsul ölkələrə güzəştli kreditlər (uzunmüddətli kredit ödəmələri və aşağı faiz dərəcələri) və qrantlar ayırır. Adi kapital resursları üzrə kreditlər orta gəlirli ölkələrə bazar qiymətlərinə əsasən verilir.
T.Nakao diqqətə çatdırıb ki, yeni təşəbbüsə əsasən, adi kapital resurslarının 2017-ci ilin yanvarına kimi 18 milyard ABŞ dollarından təxminən 53 milyard dollaradək 3 dəfə artacağı gözlənilir. Birgə maliyələşdirmə ilə AİB-in ilk yardımları ötən il 23 milyard dollar səviyyəsindən artaraq növbəti illərdə 40 milyard dollara çatacaq. AİF kreditlərini əldə edə biləcək yoxsul ölkələr artırılmış adi kapital resursları üzrə, AİF kreditlərində olduğu kimi, eyni şərtlər və müddəalara əsasən güzəştli şərtlərlə almağa davam edəcək. AİF yalnız müvafiq ölkələrə qrant yardımı təmin edən donor olaraq saxlanılacaq.
“Bu islahat az gəlirli üzvlər üçün maliyyə dəstəyini artıracaq, orta gəlirli ölkələrdə əməliyyatları və özəl sektor layihələrini artıracaq və AİF donorlarının yükünü azaldacaq. Birləşmə AİB-in risk daşıyıcılıq qabiliyyətini artıracaq və gələcək iqtisadi böhran və təbii fəlakətlərə qarşı tədbirlərin görülməsi işinə hazırlığını gücləndirəcək”, - deyə T.Nakao qeyd edib.
AİB prezidenti vurğulayıb ki, biz mövcud ehtiyatlardan daha effektiv və səmərəli istifadə etməklə iqtisadi artımın qorunub saxlanılması işində ölkələrə yardım göstərilməsini davam etdirəcəyik.