DÜNYA


Takeşi İvaya: “Aegis Ashore” sistemi qanadlı raket buraxmaq imkanına malik deyil

Tokio, 8 fevral, AZƏRTAC 

Yaponiyanın ABŞ-dan almağa hazırlaşdığı “Aegis Ashore” yerüstü raketdən müdafiə kompleksi “Tomaqavk” qanadlı raketlərini buraxmaq üçün texniki imkanlara malik deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 8-də Yaponiyanın müdafiə naziri Takeşi İvaya bəyan edib.

“Burada qanadlı raketləri buraxmaq funksiyası yoxdur. Biz həmin sistemləri ballistik raketlərin qarşısını almaq üçün yerləşdirəcəyik”, - deyə nazir bildirib.

T.İvaya bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Yaponiyanın öz ərazisində ABŞ-ın qlobal raketdən müdafiə sistemini quraşdırması nəticəsində orta və yaxın məsafəli raketlərin ləğvi müqaviləsinin (OYMR) pozulacağı barədə bəyanatını şərh edərkən deyib.

Xatırladaq ki, fevralın 1-də ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Maykl Pompeo fevralın 2-də Vaşinqtonun OYMR üzrə öz öhdəliklərini dayandırdığını, Moskvanın həmin müqavilənin şərtlərinin icrasını bərpa etməyəcəyi təqdirdə yarım ildən sonra ondan çıxacağını elan ediblər. Fevralın 2-də Rusiya Prezidenti Vladimir Putin də müqavilədə iştirakın dayandırıldığını elan edib.

Yaponiya hökuməti isə 2017-ci ilin dekabrında ölkə ərazisində iki “Aegis Ashore” sisteminin yerləşdirilməsi barədə qərara gəlib. Həmin sistemlərin 2023-cü ildə quraşdırılması nəzərdə tutulsa da, işin sürətləndiriləcəyi güman olunur.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.