DÜNYA
Takeşi İvaya: Yaponiyanın təhlükəsizliyi ilə bağlı xərclər ÜDM-in 1,3 fazini təşkil edə bilər
Tokio, 10 aprel, AZƏRTAC
Yaponiyanın müdafiə naziri Takeşi İvaya bildirib ki, ölkənin təhlükəsizliyi ilə bağlı xərclər ümumi daxili məhsulun (ÜDM) 1,3 faizini təşkil edə bilər.
AZƏRTAC xəbər verir ki, nazir bu barədə parlamentin aşağı palatasında çıxış edərəkən deyib. T.İvaya bu addımın ABŞ administrasiyasının NATO üzvü olan ölkələrdən və müttəfiqlərindən müdafiə xərclərinin artırılması barədə tələbinə uyğun olaraq atıldığını qeyd edib.
Nazirin sözlərinə görə, Yaponiya sülhməramlı qüvvələrinin BMT əməliyyatlarında iştirakı və Sahil Mühafizəsi Xidmətinin xərcləri büdcəyə daxil ediləcəyi təqdirdə ümumi məsrəf sonrakı beş ildə ÜDM-nin 1,1 faizindən 1,3 faizinə qalxacaq.
T.İvaya bildirib ki, o, bu rəqəmləri qarşılıqlı anlaşma əldə etmək üçün ABŞ tərəfinə təqdim edəcək.
Yaponiyanın illik müdafiə xərcləri 5 trilyon yen və ya 45 milyard dollar təşkil edir. Həmin xərclər hər il artırılsa da, indiyədək ölkə ÜDM-nin 1 faizi həddini aşmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio