CƏMİYYƏT
“Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə aksiyaları keçirilir
Bakı, 14 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə aksiyalarında daxili işlər orqanlarının əməkdaşları da fəal iştirak edirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qan ver, yaşat!” devizi altında keçirilən aksiyalar çərçivəsində növbəti tədbir Səhiyyə Nazirliyinin B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı və dəstəyi ilə fevralın 14-də gün DİN Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində təşkil olunub.
Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun qan qrupu müəyyən edildikdən, onların səhhətində hər hansı bir problemin olmadığı aşkarlandıqdan sonra qanvermə aksiyasına start verilib.
Talassemiyadan və hemofiliyadan əziyyət çəkən körpələrin, fidan balaların həyatını qorumaq üçün polis əməkdaşları qanvermə aksiyasında hamılıqla iştirak ediblər.
İdarənin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Rəşid Nəcəfov bildirib ki, hər il olduğu kimi, bu il də idarənin əməkdaşları aksiyada fəal şəkildə iştirak edərək qana ehtiyacı olanların köməyinə çatıblar.