ELM VƏ TƏHSİL
Taleh Tağıyev: Sevinirəm ki, Prezident təqaüdünə layiq görülmüşəm
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu il mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul olunmuşam. Çox sevinirəm ki, Prezident təqaüdünə layiq görülmüşəm.
Bu fikirləri UFAZ-ın I kurs tələbəsi, Prezident təqaüdçüsü Taleh Tağıyev AZƏRTAC-a müsahibəsində söyləyib. O, akademik Zərifə Əliyeva adına Liseyi bitirib. Taleh Tağıyev ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 676,6 bal toplayıb. UFAZ-da kompüter elmləri ixtisası üzrə təhsil alacaq.
Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük əhəmiyyət verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini qeyd edən Taleh Tağıyev deyir: “Ölkəmizdə gənclərin təhsili üçün bütün lazımi şərait yaradılıb. Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.
Taleh Tağıyev gələcəkdə bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etmək arzusunda olduğunu bildirib.