İDMAN
Taleh Ziyadov: Qarşıda duran əsas hədəf ölkəmizdə badmintonun inkişaf etdirilməsidir
Bakı, 8 dekabr, AZƏRTAC
Ölkəmizdə badmintonun təkcə kişilər arasında deyil, qadınlar arasında da inkişaf etdirilməsinə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 8-də Azərbaycan Badminton Federasiyasının prezidenti seçilən Taleh Ziyadov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Əsas hədəfin ölkəmizdə badmintonun inkişafı, idmanın bu növü üzrə yeni nailiyyətlərin qazanılması və qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək olduğunu vurğulayan T.Ziyadov bildirib: “Gənclər və yeniyetmələr idmanın bu növü ilə geniş məşğul olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan “Tokio-2020” Yay Olimpiya Oyunlarında təmsil olunub. Mən uşaqlıqdan - 11 yaşımdan badmintonla peşəkar şəkildə məşğul olmuşam. Azərbaycanın regionlarında idmanın bu növünün inkişaf etdirilməsi üçün səy göstərəcəyəm”.
T.Ziyadov azərbaycanlı badmintonçuların qarşıdakı Olimpiya Oyunlarına qatılacaqlarına ümidvar olduğunu qeyd edərək deyib: “Olimpiadaya hazırlıq üçün uşaqları 11-12 yaşından yetişdirmək lazımdır. Məşq proseslərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır. Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiklərini görəcəksiniz. 2028-ci il Los-Anceles Olimpiadasında yerli idmançı görə bilərik. Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”.