REGİONLAR
Taleyinə köçkünlük həyatı yazılan Ağdam teatrı tamaşaçıları yeni səhnə əsərləri ilə sevindirəcək
Ağdam, 23 yanvar, AZƏRTAC
Azərbaycan teatr mədəniyyəti tarixində Ağdam Dövlət Dram Teatrının özünəməxsus yeri var. Uzun və şərəfli tarixi yol keçmiş Ağdam teatrının zəngin ənənələri bu gün də uğurla davam etdirilir.
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov AZƏRTAC-a müsahibəsində teatrın tarixi, uğurları, müharibə dövründə qarşılaşdığı çətinliklər və hazırki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Qarabağda teatr sənətinin zəngin tarixindən danışan M.Hüseynov deyib: “Ağdam Dövlət Dram Teatrı XX əsrin əvvəllərində görkəmli dramaturq Ə.Haqverdiyevin təşkilatçılığı ilə yaradılıb. Yerli ziyalıların yaxından köməyi ilə 1904-cü ildə Ağdamda ilk tamaşalar - M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərləri səhnələşdirilib. Teatr 1923-cü ildən dram, sonralar isə musiqili dram kollektivi kimi fəaliyyət göstərib. Bu dövrdə teatrın kollektivi M.F.Axundzadənin, Ə.Haqverdiyevin, N.Nərimanovun, C.Cabbarlının, Ü.Hacıbəylinin musiqili komediyalarını tamaşaya qoyub.
Sonrakı illərdə ictimai əsaslarla işləyən sənət ocağı 1937-1950-ci illərdə Dövlət Dram Teatrı, 1950-1968-ci illərdə isə dram kollektivi və xalq teatrı kimi fəaliyyət göstərib. 1968-ci ildən bu sənət ocağı Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirir.
1970-1980-ci illərin Ağdam Dövlət Dram Teatrı üçün ən məhsuldar və şöhrətli illər kimi yaddaşlarda qaldığını vurğulayan M.Hüseynov həmin dövrdə teatra istedadlı gənclərin cəlb olunduğunu xatırladır. Bildirir ki, teatrın səhnəsində Əməkdar artistlər Murad və Qaflan Muradov qardaşları, Narınc Məlikova, Heydər Şəmsizadə, Qurban Mirzəyev, Əməkdar Mədəniyyət İşçisi Məmməd Əmirov, sonrakı dövrlərdə Xalq artistləri Svetlana Hakimova, Fatma Mahmudova, Əməkdar artistlər Simuzər Namazova, Tofiq Qarayev, Cəmilə Məmmədzadə, Aidə Qasımova və başqaları əvəzedilməz obrazları ilə böyük iz qoyublar.
Teatrın direktoru Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində bu sənət ocağının da taleyinə köçkünlük həyatı yazıldığını bildirir: “Təəssüf ki, Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən teatr və teatrsevərlər də doğma yurdun niskilini yaşamalı oldular. 1993-cü ildən Bərdə şəhərində köçkünlük həyatı yaşamağa başlayan teatrın bir çox istedadlı əməkdaşları ölkənin müxtəlif bölgələrində məskunlaşdığı üçün doğma teatrı tərk etmək məcburiyyətində qaldılar. Bütün çətinliklərə baxmayaraq, kollektiv yaradıcılıq işlərini dayandırmadı, müntəzəm olaraq cəbhə xəttində və məcburi köçkünlər qarşısında yeni tamaşalarla çıxışlar etdi. 2004-cü ildən teatr Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyətini davam etdirir. 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib. Elə bundan sonra da teatrın fəaliyyətində əsaslı dönüş yaranıb, yeni yaradıcı qüvvələr cəlb edilib”.
Hazırda Əməkdar artistlər Aidə Qasımova, Cəmilə Məmmədzadə, həmçinin Nizami Əsgəroğlu, Suliddin Quliyev, Fəqumə Yusifova, Kərim Həsənli, Cəfər Bayramov, Elşən Cavadov, Afaq Əliyeva və başqaları yaratdıqları obrazlarla teatrsevərlər qarşısında çıxış edirlər. Teatrın direktor müavini Əməkdar artist Aidə Qasımova, baş rejissor Sərvər Əliyev, baş rəssam Elman Balakişiyev, musiqi tərtibatçısı Azər Şükürovdur.
Teatrın kollektivi ötən il Miroslav Mitoreviçin “Gecə yarısı soyğunçuluq”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Arif Mədətovun “Çarəsiz evlənmə”, Şarl Perronun “Sehrbaz qadın”, Elçin Hüseynbəylinin “Qaçaq qocalar” tamaşalarını səhnələşdirib. Tərtər, Yevlax, Hacıqabul, Salyan və Zərdab rayonlarında qastrol səfərlərində olub.
M.Hüseynov teatrın repertuarının bu il də zəngin olacağını bildirir. Kollektiv teatrsevərləri Sevinc Elsevərin “Ürəyində arzu tut”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Rəhman Əlizadənin “Keçəlin toyu” və Vaseli Siqarevin “Ağ ölüm” tamaşaları ilə sevindirəcək.
Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri