DÜNYA
Taliban qruplaşması Pakistan ilə sərhəddəki Spin-Boldak strateji məntəqəsini ələ keçirib
İslamabad, 14 iyul, AZƏRTAC
İyulun 14-də Taliban qruplaşması Əfqanıstanın Pakistan ilə sərhədindəki Spin-Boldak strateji məntəqəsini ələ keçirib.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Spin-Boldak məntəqəsi Əfqanıstanın Pakistan ilə ticarət əməkdaşlığı baxımından mühüm məkandır.
Xatırladaq ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Taliban radikal hərəkatı xeyli fəallaşıb. Taliban silahlıları Əfqanıstanın Tacikistan ilə 1400 kilometrlik sərhədinin təxminən 1000 kilometrlik hissəsinə nəzarət edirlər. Türkmənistan ilə sərhədin bir hissəsi də taliblərin əlindədir. Taliban hərəkatının üzvləri Özbəkistan ilə sərhədə yaxınlaşsalar da, sərhədboyu ərazi hələ də Əfqanıstan ordusunun nəzarətindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad