CƏMİYYƏT


Talış dağlarında Qafqaz nəcib maralının populyasiyası bərpa ediləcək

Bakı, 4 oktyabr, AZƏRTAC

4 oktyabr Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.

AZƏRTAC xəbər verir ki, həmin gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub. Bundan əlavə, oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu hesab edilən İtaliyanın Assasiya əyaləti sakini Françeskonun vəfat etdiyi günə görə təyin olunub.

Bu gün dünyanın bir çox ölkəsində müxtəlif tədbir, aksiya, kampaniyalarla qeyd edilir.

Dünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, hər saatda Yer üzündə üç növ heyvan yox olur. Planetimiz hər gün 70 növ flora və faunasını itirir. Yaxın gələcəkdə bütün flora və fauna növlərinin dörddəbirinin yox olacağı gözlənilir. 1970-ci ildən 2016-cı ilə qədər məməlilər, quşlar, amfibilər, sürünənlər və balıq populyasiyaları ortalama 68 faiz azalıb.

Azərbaycan Respublikasının rəngarəng təbii şəraiti onun heyvanlar aləmini çox zəngin edib. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb. Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılıb.

Azərbaycanda da heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan və ya tükənmək təhlükəsi ilə üzləşən fauna nümayəndələrinin adı “Qırmızı kitab”a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır. Qeyd edək ki, gələn il çap olunması nəzərdə tutulan “Qırmızı kitab”ın üçüncü nəşrində 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq. Əsas fərq azad edilmiş ərazilərdə aparılan tədqiqat işlərinin nəticəsinin də “Qırmızı kitab”ın bu nəşrində öz əksini tapacağı ilə bağlıdır. Heyvanların müdafiəsi tədbirlərinə nümunə olaraq, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin bəbirlərin, ceyranların qorunması sahəsində birgə təşəbbüslərini qeyd etmək olar. Bununla yanaşı, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı həyata keçirilir.

WWF-in Azərbaycan ofisinin rəhbəri Elşad Əsgərov bildirib ki, son illərdə görülən işlərin əsasında heyvanları təbiətə - tarixi areallarına qaytarıb populyasiyalarını bərpa etmək dayanır: “Bunu təbiətin özünə buraxsaq, proses uzun müddət alacaq. Ona görə müdaxiləmizə ehtiyac var. Ceyranları Ceyrançölə, Acınohura, digər potensial yaşama yerlərinə qaytarmaq lazımdır. Zubrların qədim zamanlarda ölkəmizdə mövcud olduğu, hətta Talış dağlarına kimi yayıldığı məlumdur. Cənubi Qafqazda zubrların son nəsli 1937-ci ildə kəsilib. Nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən zubrlar gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə təbiətə buraxılır. İndiyədək təbiətə 20 baş zubr buraxılıb. Doqquz baş volyer şəraitində saxlanılır. Daha doqquz baş da gətiriləcək. 2028-ci ilə qədər isə 100 baş heyvan gətirməyi planlayırıq. Onların sayının 500 başa çatacağı halda populyasiyalarını dayanıqlı hesab etmək olar. Bu zaman məhvolma təhlükələri də azalır. Bundan başqa, Qafqaz nəcib maralını Talış meşələrinə qaytarmaq istəyirik. Həmin maral Böyük Qafqazda, Zaqatalada, İlisuda, İsmayıllıda, Şamaxıda var. Lakin Talış dağlarında sonuncu Qafqaz nəcib maralı 1922-ci ildə öldürülüb. Bir əsrdir ki, maral Talış meşələrində yoxdur. Ona görə istəyirik ki, Talış dağlarında onun populyasiyasını bərpa edək. Təəssüf ki, bu, tez olan proses deyil. İstəyirik ki, onların sayını artıraq və toplu şəkildə təbiətə buraxaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.