CƏMİYYƏT
Tallində həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb
Bakı, 23 may, AZƏRTAC
Estoniyadakı Azərbaycan Evinin nəzdində həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ilk dərs zamanı məktəbin müəllimi Nərgiz Əsgərova azyaşlı müdavimlərinə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri barədə ümumi məlumat verib.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində Qarabağın və görkəmli şəxsiyyətlərimizin adlarını daşıyan həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Dərslərin qarışıq (ənənəvi/onlayn) format əsasında təşkil olunduğu tədris ocaqlarında milli sərvətimiz olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti öyrədilir. Dərslər isə hər bazar günü saat 12:00-da keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həmin məktəblər dərs vəsaitləri ilə təmin edilir. Xaricdə yaşayan soydaşlarımız və övladları belə məktəblərə xüsusi maraq göstərirlər.