SİYASƏT


Tamam Cəfərova: Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq

Bakı, 1 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Məlum olduğu kimi, Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Azərbaycana təhvil verilib. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri ordumuz tərəfindən azad edilib. Bununla da Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat xatırladıb ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqətçəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin relyefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində demişdir: “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi, diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir.

T.Cəfərova qeyd edib ki, Laçın rayonunun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Rayonun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi.

Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.

Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.