MƏDƏNİYYƏT
Tamara Sinyavskayanın yubileyi münasibətilə Rusiya televiziyasının Birinci kanalında film nümayiş olunacaq
Bakı, 3 iyul, AZƏRTAC
SSRİ Xalq Artisti Tamara Sinyavskayanın anadan olmasının 75 illiyi münasibətilə iyulun 7-də Rusiya televiziyasının Birinci kanalında yerli vaxtla 12:10-da “Məhəbbət bürcü” (“Sozvezdiye lyubvi”) adlı sənədli film nümayiş etdiriləcək.
AZƏRTAC Birinci kanala istinadla xəbər verir ki, filmin müəllifi və layihənin rəhbəri Valentina Pimanova, baş prodüseri Darya Pimanova, prodüseri Taras Makarovdur.
Yaradıcılığın ən yüksək zirvəsində çatmış SSRİ Xalq artistləri Tamara Sinyavskaya və Müslüm Maqomayev həm də sevgini qoruyub saxlamağı bacarıblar. Onların gözəl sevgi tarixçəsi filmdə əsas yer tutur. Tamara Sinyavskayanın müsahibəsi isə əvvəlkilərə bənzəmir. Güclü xarakterə malik bu iki şəxsiyyətin bir yerdə necə yaşamasından ilk dəfə olaraq məhz bu filmdə söz açılır. Ekran əsərində ailənin dostlarının da xatirələri yer alıb.
Tamara Sinyavskaya və Müslüm Maqomayev haqqında xeyli məqalə yazılıb və sənədli film çəkilib. Bu filmdə 10 ildir tamaşaçılara qapalı olan mövzudan danışılacaq. Ekran əsərində Tamara Sinyavskayanın bugünkü fəaliyyətindən də söhbət açılacaq.
Filmdə əsas qəhrəmanla yanaşı, Makvala Kasraşvili (opera müğənnisi, T.Sinyavskayanın rəfiqəsi), Anastasiya Xoroşilova (T.Sinyavskaya kursunun məzunu), Araz Ağalarov (ailənin dostu, “Crocus Group”un prezidenti), Emin Ağalarov (ailənin dostu, müğənni, Azərbaycanın Xalq Artisti, “Crocus Group”un birinci vitse-prezidenti), Leyla Əliyeva (ailənin dostu), Məmməd Əliyev (ailənin dostu, onkoloq), Leonid Roşal (həkim), Aleksandr Titel (opera rejissoru), Aleksandr Şilov (rəssam), Nikas Safronov (rəssam), Fərhad Bədəlbəyli (SSRİ Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru), Qriqori Zaslavski (Rusiya Teatr Sənəti İnstitutunun rektoru), Vladimir Surdin (astronom, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin dosenti) iştirak edirlər.