İDMAN
Tamerlan Abdullayev: İslamiadada qızıl medal qazanmaq niyyətindəyəm
Bakı, 15 may, Pərvanə Rəhimova, AZƏRTAC
Birinci raundun sonunda qaşım partladığı üçün hakimin döyüşü saxlayacağını düşünürdüm. Ancaq çox şadam ki, yarımfinala vəsiqə qazandım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kiloqram çəki dərəcəsində çıxış edən Tamerlan Abdullayev deyib.
İkinci görüşündən də qalib ayrılan Tamerlan Abdullayev bildirib ki, onun növbəti rəqibi qazaxıstanlı boksçu İlya Oçkin olacaq. Yarımfinal döyüşü mayın 17-də keçiriləcək.
Qətərli rəqibi Tulasimaraam Tarumalinqamla ilk dəfə döyüşdüyünü qeyd edən T.Abdullayev deyib ki, bu döyüşə çox yaxşı hazırlaşmışdı. Boksçumuzun IV İslam Həmrəyliyi Oyunlarında əsas məqsədi qızıl medal qazanmaqdır. T.Abdullayev vurğulayıb ki, rinqdə zəif və ya güclü boksçu yoxdur, hər bir boksçu güclü rəqibdir. “Doğma rinqdə çıxış etmək bizim üçün çox böyük məsuliyyətdir”, - deyə o, əlavə edib.
Tamerlan Abdullayev qeyd edib ki, boks yığmamız IV İslam Həmrəyliyi Oyunlarından sonra Avropa birinciliyinə və Ukraynanın Xarkov şəhərində keçiriləcək boks üzrə Dünya çempionatına yollanacaq. Bu səbəbdən İslam Oyunlarından dərhal sonra təlim-məşq toplantısı başlayır.
Boksçumuz gələcəkdə Olimpiya Oyunlarında çıxış etməyi planlaşdırdığını bildirib.