REGİONLAR


Tanınmış fotojurnalist Reza Deqati Mingəçevir Dövlət Universitetinin qonağı olub

Bakı, 13 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “National Geografic” jurnalının tanınmış fotojurnalisti, Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib. Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə professor-müəllim və tələbə heyəti üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, tələbə gənclərin dəvətini qəbul edib görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.

R.Deqatinin dünyanın qaynar nöqtələrində çəkilişlər aparmasından danışan rektor məşhur fotoqrafın, sözün əsl mənasında, həqiqət carçısı olduğunu, daim haqqın müdafiəsində dayandığını, öz fotolarında bəşəriyyəti sülhə və xeyirxahlığa çağırdığını qeyd edib.

Yüksək peşəkarlıqla çəkdiyi fotoların dili ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ən ağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanında olduğu bildirilib. Onun Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və tarixi zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən fəaliyyətindən, eləcə də Azərbaycanın təbiətini, adət-ənələrini və mədəniyyətini təbliğ edən çoxşaxəli işlərindən bəhs edilib.

Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə MDU-da tələbə və müəllim kollektivi ilə görüşdüyünü vurğulayan R.Deqati göstərilən diqqətə, yaradılan imkana və fəaliyyətinə verilən dəyərə görə təşəkkürünü bildirib.

Vətən müharibəsi zamanı Azərbaycana gəlməyi özünə borc bilən tanınmış fotojurnalist möhtəşəm Qələbənin şahidi olduğu və işğaldan azad edilmiş torpaqları gördüyü üçün özünü şanslı hesab etdiyini, qürur duyduğunu diqqətə çatdırıb.

Otuz il işğal altında qalmış torpaqlarda erməni təcavüzkarlarının törətdiyi vəhşilikləri, doğma yurdlarından didərgin düşmüş sakinlərin əziyyətli həyatını, qətlə yetirilən insanların və onların ailə üzvlərinin faciəvi taleyini əks etdirən fotolarını çoxsaylı ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirdiyini qeyd edən R.Deqati yaxın gələcəkdə dirçələcək doğma Qarabağda yeni fotolar çəkməyi səbrsizliklə gözlədiyini bildirib.

Sonra, R.Deqati həyatı, sənəti, peşəkar fəaliyyəti, gələcək planları və digər məsələlərlə bağlı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, zəngin xatirələrini bölüşüb.

Maraqla qarşılanan görüşdə çıxış edən müəllim və tələbələr dünyanın yüzdən artıq ölkəsində olmuş və iki milyona yaxın fotonun müəllifi olan R.Deqati ilə fəxr etdiklərini bildirib və onunla görüşü universitet həyatında əlamətdar hadisə kimi dəyərləndiriblər.

Tədbirin sonunda, MDU-nun rektoru Ş.Bayramov universitet kollektivi ilə növbəti görüş üçün R.Deqatini postpandemiya dövründə Mingəçevir şəhərinə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.