ELM VƏ TƏHSİL
Tanınmış fotojurnalist Reza Deqati yeni televiziya layihəsinə başlayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati “Azad Azərbaycan” telekanalında “Foto Diqqət!” adlı yeni birgə layihənin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-dən etibarən başlanan layihə çərçivəsində məşhur fotoqrafın Birinci və İkinci Qarabağ müharibələri dövründə çəkdiyi fotoşəkillər videohekayə formatında izləyicilərin diqqətinə çatdırılır. Videohekayələrdə müharibənin məhv etdiyi insan taleləri, eləcə də Azərbaycan əsgərinin şücaəti əks etdirilir. Reza Deqati çəkdiyi hər bir fotonun tarixçəsindən bəhs edərək vaxtilə işğal altında olan və dağıntıya məruz qalan ərazilərimizdə baş verənləri şəkillər vasitəsilə nümayiş etdirir.
Qarabağ həqiqətləri barədə mütəmadi olaraq dünya ictimaiyyətini və beynəlxalq medianı məlumatlandırdığını vurğulayan R.Deqati "Foto Diqqət!" layihəsini 44 günlük müharibədə Qələbəyə imza atmış Azərbaycan xalqına hədiyyə etdiyini bildirib.
"Azərbaycanla bağlı həqiqətləri fərqli dillərdə və müxtəlif platformalarda paylaşmağa davam edəcəm. Bu məsuliyyətli işin icrasında ADA Universiteti də öz dəstəyini əsirgəmir. Universitetlə birgə həyata keçirdiyimiz layihə çərçivəsində 30 ilə yaxın müddət ərzində Qarabağ müharibəsi ilə bağlı çəkdiyim arxiv şəkillərimi sərgiləyəcəm", - deyə fotojurnalist əlavə edib.
Qeyd edək ki, 44 bölümdən ibarət olan birdəqiqəlik videohekayələri "Azad Azərbaycan" telekanalında axşam saat 20:30 “Xəbərlər”indən dərhal sonra izləmək mümkündür. Hekayələr noyabr ayının 10-dək nümayiş etdiriləcək.
Layihənin tanıtım çarxına keçid vasitəsilə nəzər sala bilərsiniz:
Reza Deqatinin rəsmi sosial media hesabında Qarabağ müharibəsini əks etdirən şəkillərlə tanış olmaq mümkündür: