İDMAN


Tanınmış gimnastlar Şəkidə bir araya gəliblər

Şəki, 9 dekabr, AZƏRTAC

Şəkidə Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışların təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı komandaların paradı təşkil edilib.

Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov cari ilin ölkəmizdə bir çox əlamətdar idman hadisələrinin qeyd olduğunu deyib. Bildirib ki, bu il Azərbaycan Milli Olimpiya Komitəsinin təsis edilməsinin 30 illiyi, ölkə başçısı İlham Əliyevin Komitəyə rəhbərlik etməsinin 25 ili tamam olub. Məhz Azərbaycan Prezidenti Milli Olimpiya Komitəsinə rəhbərlik etdikdən sonra ölkədə idmanın inkişafında yeni səhifə açılıb, yeni idman federasiyaları təsis olunub, idman növləri inkişaf etdirilib. Beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Bugünkü tədbir də məhz gözəl məkanlardan olan Şəki Olimpiya İdman Kompleksində qeyd edilir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarını yüksək səviyyədə keçirib. Artıq neçə ildir Bakının mərkəzi küçələrində Formula 1 yarışları da təşkil olunur. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan gimnastları da uğurlu çıxışları ilə diqqəti cəlb edirlər. İdmançıların hazırlıq keçməsi üçün dünyada məşhur olan Milli Gimnastika Arenası fəaliyyət göstərir. Ölkəmizdə gimnastikanın 9 növü inkişaf etdirilir və təmsilçilərimiz ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimi zamanı tamaşaçılara dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunub. İdmançılar təqdim etdikləri maraqlı nümunəvi çıxışları ilə azarkeşlərə öz ustalıqlarını nümayiş etdiriblər. Bu münasibətlə ölkəmizə təşrif buyuran idmançılar arasında qadın idman gimnastikası üzrə Böyük Britaniya yığmasını təmsil edən əslən azərbaycanlı Cessika (ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və ikiqat bürünc mükafatçısı, Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı) və Cenifer Qədirova (Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı, Avropa çempionatının komanda hesabında gümüş mükafatçısı) bacıları, kişi idman gimnastikası üzrə Tokio Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, türkiyəli Ferhat Arıcan, bədii gimnastika üzrə italiyalı dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Milena Baldassarri, akrobatika gimnastikası üzrə İsrailin kişi qrupunun üzvləri Amir Daus, Tomer Offir (dünya çempionatının bürünc mükafatçıları), Or Abraham (gənclər arasında Avropa çempionu), Rotem Amihai və dünya yaş qrupları yarışının qalibləri Yonatan Fridman və Amy Refaelidən ibarət qarışıq cütlük yer alıblar. Qala-şouda Azərbaycanın tanınmış gimnastları da çıxış ediblər.

Birgə yarışlara dekabrın 11-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.