REGİONLAR


Tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevə həsr edilən konfrans keçirilib

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2020-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq AMEA Naxçıvan Bölməsində “Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” mövzusunda konfrans olub.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev tanınmış həkimin 91 illik həyat yolundan və ictimai fəaliyyətindən danışıb. Bildirib ki, Əqil Mehdiyev ömrünün 50 ildən artıq bir dövrünü ölkə səhiyyəsinin inkişafına həsr edib. O, müxtəlif illərdə Nehrəmdə müəllim və məktəb direktoru, Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi, Səhiyyə naziri vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olub.

Vurğulanıb ki, ölkə səhiyyəsinin inkişafındakı xidmətlərinə görə tanınmış həkimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar həkim” fəxri adına layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq sərəncamı Əqil Mehdiyevin əməyinə verilən yüksək qiymətin daha bir nümunəsidir. İsmayıl Hacıyev ziyalılar adından Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Əqil Mehdiyev görkəmli səhiyyə təşkilatçısı kimi”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Əqil Mehdiyevin ictimai fəaliyyəti” və Naxçıvan Dövlət Universitetinin müəllimi, tibb elmləri doktoru İsa Abdullayev “Əqil Mehdiyevin həyatı mübarizlik, prinsipiallıq və müdriklik nümunəsidir” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə həkim və ictimai xadimin keçdiyi ömür yolundan söz açılıb, muxtar respublika səhiyyəsinin inkişafına böyük töhfələr verdiyi və bugünkü gənclərə örnək bir ömür yaşadığı qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.