REGİONLAR


Tanınmış kimyaçı Zamin Hüseynovun xatirəsi Sumqayıtda əbədiləşdirilib

Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində tanınmış kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərdə Kimyaçılar küçəsinin adı dəyişdirilərək Zamin Hüseynov adı verilib. Bununla yanaşı, kimyaçının vaxtilə yaşadığı binaya xatirə lövhəsi vurulub.

AZƏRTAC xəbər verir ki, xatirə lövhəsinin açılışında Sumqayıt Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhər veteranları, kimyaçılar, Zamin Hüseynovun ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Zamin Hüseynovun yüksək insani keyfiyyətlərindən, kimya sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Zamin Hüseynovun əziz xatirəsi həmişə sumqayıtlıların xatirəsində əziz tutulur.

Neft-kimya sənayesi üzrə mütəxəssis Zamin Mirəli oğlu Hüseynov 1961-cı ildə Azərbaycan Sənaye İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. Təyinatını Sumqayıt şəhərindəki Sintetik-kauçuk zavoduna alan Z.Hüseynov bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işə başlayıb. 1963 –cü ildən Sumqayıt Superfosfat zavodunda dənəvər superfosfat sexinə mexanik göndərilib və 1965-ci ildə həmin sexin rəisi təyin olunub. 1967-ci ildə “Superfosfat” zavodunun partiya üzvlərinin yekdil səsverməsi nəticəsində zavod partiya təşkilatının katibi seçilib.

1968-ci ildə Azərbaycan SSR Sənaye-Tikinti Materialları Nazirliyi tərəfindən Sumqayıt Polimer-Tikinti Materialları Kombinatının baş mühəndisi vəzifəsinə irəli çəkilib. 1971-ci ilin sentyabr ayında isə keçmiş SSRİ Kimya Sənayesi Nazirliyinin qərarı ilə Sumqayıt Superfosfat zavoduna direktor təyin edilib.

Təşkilatçılığını, bacarığını və idarəetmə təcrübəsini nəzərə alan SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə onu "Sumqayıtkimyasənaye" İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin edib.

1978-ci ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyası açılır və buraya təsərrüfatın bütün sahələrindən ən perspektivli, rəhbər vəzifədə çalışan gənc kadrların qəbulu keçirilir. Azərbaycan üçün ayrılan iki yerə 100-ə yaxın namizədin içərisindən respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və təkidi ilə Zamin Hüseynov da daxil edilir. Zamin Hüseynov SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı dövrdə ona Azərbaycan SSR-in Dövlət mükafatı təqdim edilir.

SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasınin Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsini əla qiymətlərlə bitirən Zamin Hüseynov doğma Vətənə qayıdır. Həmin vaxt "Sumqayıtkimyasənaye” İstehsalat Birliyi artıq ləğv edilmişdi. 1980-ci ildə Zamin Hüseynovu qəbul edən Heydər Əliyev ona Sumqayıt Sintetik kauçuk zavoduna rəhbərlik etməyi tapşırır.

Zamin Hüseynov Sintetik kauçuk zavoduna direktor təyin ediləndən az sonra həmin zavodun bazasında "Sintezkauçuk” İstehsalat Birliyi yaradılır və o, baş direktor kimi 1994-cü ilədək bu müəssisəyə rəhbərlik edir. Yeddi səmərələşdirici təklifin, beş elmi ixtiranın müəllifi olan Zamin Hüseynov keçmiş SSRİ məkanında da böyük nüfuz qazanır. O, SSRİ neft-kimya sənayesinin direktorlar şurasının sədri seçilir.

Zamin Hüseynov ömrünün son illərdə "Azərikimya” Dövlət Şirkətinin aparatında məsul vəzifədə çalışıb, kimya zavodlarının səmərəli işləməsində fəallıq göstərib.

Fəaliyyəti dövründə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Sonra Zamin Hüseynovun adına küçə verilməsi ilə bağlı imzalanmış sərəncam mərhumun oğlu Emin Hüseynova təqdim edilib.

Emin Hüseynov atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə ailəsi adından ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.