MƏDƏNİYYƏT
Tanınmış kino rəssamı Cəbrayıl Əzimovun 90 illiyinə həsr olunmuş yubiley tədbiri
Bakı, 30 sentyabr, Flora Şükürova, AZƏRTAC
Sentyabrın 30-da Dövlət Film Fondunda tanınmış kino rəssamı, Əməkdar Rəssam Cəbrayıl Əzimovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə sənətkarın keçdiyi ömür və sənət yolunu əks etdirən fotoslayd nümayiş olunub.
Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək sənətkarın kino rəssamlığının formalaşmasındakı xidmətlərindən, sənət fəaliyyətindən danışıb.
Bildirilib ki, 1926-cı il mayın 7-də Bakıda dünyaya gələn C. Əzimov ondan artıq bədii filmin quruluşçu rəssamı olub. Onun kinostudiyada ilk yaradıcılıq işi “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu filmdə Elbəy Rzaquliyevlə birgə çalışıb. Sonralar sənətkar “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Uzaq sahillərdə”, “Qəribə əhvalat”, “Leyli və Məcnun”, “Şahsənəm və Qərib”, “Sehrli xalat”, “Zəncirlənmiş adam”, “İnsan məskən salır”, “Qanun naminə” və başqa filmlərə bədii tərtibat verib.
Vurğulanıb ki, C.Əzimov eyni zamanda, respublika, ümumittifaq və beynəlxalq rəsm sərgilərində mütəmadi olaraq iştirak edib.
Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə C. Əzimovun sənətə olan sevgisindən və professional sənətkarlıq qabiliyyətindən söz açıb. Bildirilib ki, kino rəssamının fəaliyyət dairəsi filmdə eskizlər çəkməklə məhdudlaşmır, onun üzərinə müxtəlif vəzifələr düşür. Kino rəssamı hərtərəfli biliyə-inşaat layihəsinə, tikinti mexanikasına, memarlığın tarixinə və üslub müxtəlifliyinə yaxşı bələd olmalıdır. Cəbrayıl Əzimov belə hərtərəfli biliyə malik olub öz adını tarixə yazdıra bildi.
Daha sonra sənətkarın sənət dostları onun haqqında xatirələrini bölüşüblər.
Tədbir C.Əzimovun vaxtı ilə rəssam kimi çalışdığı filmlərdən fraqmentlər nümayiş etdirilib.