İQTİSADİYYAT


Tanınmış memar və inşaatçının 75 illik yubileyi qeyd olunmuşdur

Bakı, 13 dekabr (AZƏRTAC). Dekabrın 13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qurumun sədri Abbas Ələsgərovun anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, mərasimdə Abbas Ələsgərovun həyat və əmək fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Politexnik İnstitutunu bitirən gənc mühəndis A.Ələsgərov 1960-cı ildən etibarən respublika sənayesinin bir çox müəssisə və təşkilatlarında sıravi əməkdaşdan tutmuş, müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Ömrünün 25 ilini isə Bakı Dövlət Layihə İnstitutu ilə bağlayan Abbas müəllim təşkilatın dirçəlməsində və inkişafında müstəsna xidmətlər göstərmişdir. Onun instituta rəhbərliyi dövründə Bakı şəhərinin bir sıra mühüm tikinti obyektlərinin layihəsi işlənib hazırlanmış və uğurla həyata keçmişdir.

Tədbirdə həmçinin son 5 ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsini tutan A. Ələsgərovun yüksək peşəkarlığı səmərəli və məhsuldar fəaliyyəti qeyd olunmuşdur. Vurğulanmışdır ki, əməksevərlik, insanpərvərlik və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlərə malik olan A.Ələsgərov kollektivin dərin hörmətini və rəğbətini qazanmışdır. Heç də təsadüfi deyil ki, səmərəli əmək fəaliyyətinə görə Abbas Ələsgərov dövlət tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur.

Yubilyarı təbrik etməyə gəlmiş Azərbaycan Memarlar İttifaqının sədri, tanınmış memar Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digəriləri bütün mənalı ömrünü quruculuq işlərinə sərf etmiş bu sadə insana can sağlığı və yeni nailiyyətlər arzulamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.