MƏDƏNİYYƏT


Tanınmış nasir və kinodramaturq Əhmədağa Muğanlının 85 illik yubileyi qeyd edilmişdir

Bakı, 8 iyun (AZƏRTAC). İyunun 8-də Azərbaycan Dövlət Film Fondunda tanınmış nasir və kinodramaturq, Əməkdar Mədəniyyət İşçisi, Dövlət mükafatı laureatı Əhmədağa Muğanlının (Qurbanov) 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev Ə.Muğanlının zəngin yaradıcılığından və milli kinomuzun inkişafı naminə gördüyü böyük işlərdən söz açmışdır.

Tədbirdə Əhmədağa Muğanlı haqqında fotoşəkillərdən ibarət videomaterial nümayiş etdirilmişdir.

Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə demişdir ki, bütün ömrü boyu sadə həyat tərzi keçirən Əhmədağa Muğanlı daim yazıb-yaratmış, gərgin zəhməti sayəsində istər ədəbiyyat, istərsə də kinematoqrafiya sahəsində peşəkar sənətkar kimi tanınmışdır.

Əhmədağa Muğanlı 1926-cı il mayın 10-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Orta məktəbi gümüş medalla bitirərək 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsində təhsil almışdır. O, əmək fəaliyyətinə “Bakı kommunisti” qəzetində müxbir kimi başlamış, az sonra Bakı kinostudiyasında işə qəbul olunmuşdur. 1953-cü ildən təqaüdə çıxanadək (1993) kinostudiyada çalışmış, 46 il ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyinin baş redaktoru vəzifələrində işləmiş, ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur.

Ədəbi fəaliyyətə 25 yaşında başlamış sənətkarın sonrakı illərdə 11 kitabı, o cümlədən “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görmüşdür.

Ə.Muğanlı 30-a qədər sənədli filmin, o cümlədən “Azərbaycan... Azərbaycan...” (C.Əlibəyovla birgə), “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Məndə sığar iki cahan...” (X.Muradovla birgə), “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. kinolentlərin ssenari müəllifidir. Onun ssenariləri əsasında beş bədii film - “Dağlarda döyüş”, “Od içində”, “Qocalar...qocalar...”, “Atları yəhərləyin” (S.Rüstəmlə birgə), “Doğma sahillər” çəkilmişdir. “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmi Ə.Muğanlının məşhur “Tikanlı məftillər” povesti əsasında ekranlaşdırılmışdır.

Ə.Muğanlı Xalq Şairi Süleyman Rüstəmlə birlikdə yazdıqları ssenari əsasında çəkilən, el qəhrəmanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” tarixi-macəra filminə görə dövlət mükafatına layiq görülmüşdür.

Təbirdə digər çıxış edənlər də Əhmədağa Muğanlı ilə bağlı xatirələrini bölüşmüş və diqqətə çatdırmışlar ki, 2001-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, o, daim gördüyü böyük işlərlə milli kinomuzun tarixində qalacaqdır.

Sonda tanınmış nasir və kinodramaturqun oğlu Araz Qurbanov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.