REGİONLAR
Tanınmış oftalmoloq-alim Zərifə Əliyeva xalqımızın əbədi sevgisini qazanıb VİDEO
İmişli, 27 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Növbəti belə tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, təhsil və tibb işçiləri, rayon ziyalıları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.
Tədbirdə çıxış edənlər Zərifə xanımın tibb elmində qazandığı uğurlardan, dövlət xadimi kimi fəaliyyətindən söz açıblar. Bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.
Qeyd olunub ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o, özündən sonra dəyərli məktəb qoymuşdur.
Vurğulanıb ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olub.
Diqqətə çatdırılıb ki, Zərifə Əliyeva yüksək vətəndaşlıq mövqeyi, həssaslığı, insanlara qayğısı sayəsində xalqımızın əbədi sevgisini qazanıb.