MƏDƏNİYYƏT
Tanınmış pianoçunun xatirəsi əbədi yaşayacaq
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış pianoçu, professor Rafiq Quliyevin 80 illiyinə həsr edilmiş yubiley konserti olub.
Rafiq Quliyev 1934-cü il dekabrın 5-də Bakı şəhərində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunub və 1957-ci ildə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1957-1960-cı illərdə R.Quliyev Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiraturasında oxuyub. 1960-cı ildə Zaqafqaziya musiqi ifaçılarının ilk müsabiqəsinin laureatı olub, birinci dərəcəli mükafata layiq görülüb.
Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında başlayan Rafiq Quliyev ömrünün demək olar ki, əlli ilini peşəkar musiqiçi kadrların hazırlanmasına həsr edib. O, konservatoriyada müəllim, dosent, professor kimi çalışıb. Tanınmış pianoçu 2007-ci il avqustun 19-da 73 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, professor Fərhad Bədəlbəyli tədbiri açaraq toplaşanlara minnətdarlığını bildirib, Rafiq Quliyevin həyat və yaradıcılığından söhbət açıb, qeyd edib ki, görkəmli musiqiçi nəinki istedadlı pianoçu və tanınmış pedaqoq, həmçinin gözəl insan olub.
BMA-nın rektoru diqqətə çatdırıb ki, bütün qüvvə və bacarığını gənc musiqiçilər nəslinin tərbiyəsinə həsr etmiş Rafiq Quliyevin tələbələri respublikada və onun hüquqlarından kənarda müvəffəqiyyətlə çalışırlar.
Sonra BMA tələbələrinin və müəllimlərinin ifasında İ.Bax, S.Raxmaninov, M.Ravel, D.Skarlatti və digər bəstəkarların əsərləri səsləndirilib.