ELM VƏ TƏHSİL
Tanınmış politoloq Azərbaycanın xarici siyasətində qazanılan uğurlardan danışıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirəsi təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu qurumun aparat rəhbəri İsaxan Vəliyev, beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və baş məsləhətçisi Almaz Axundova, RİH-nin başçısının birinci müavini Gülarə Verdiyeva və rayon fəalları iştirak ediblər.
Tədbirdə G.Verdiyeva görüşün məqsədi və mahiyyəti barədə iştirakçılara məlumat verib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirdiyini, demokratik dəyərlərə yiyələnərək özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratdığını bildirən İ.Vəliyev bu siyasətin indi də uğurla həyata keçirildiyini vurğulayıb.
Mühazirəsində müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanın xarici siyasətində qazanılan uğurlardan danışan E.Nəsirov Ermənistanda cərəyan edən son proseslərin regional təhlükəsizliyə təsirləri barədə fikirlərini bölüşüb.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.