MƏDƏNİYYƏT
Tanınmış şair İbrahim Göyçaylının xatirəsi anılıb
Bakı, 25 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Noyabrın 25-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair və jurnalist, Əməkdar İncəsənət Xadimi İbrahim Göyçaylının 80 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə qonaqlar şairin həyat və yaradıcılığının əks olunduğu fotosərgiyə baxıblar. Sonra İbrahim Göyçaylının ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək şairin həyat və yaradıcılığından danışıb.
Bildirilib ki, İbrahim Göyçaylı 1936-cı il noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olub. Əmək fəaliyyətinə müxbir kimi başlayan şair Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Mədəni ticarət”, “Za kulturnuyu torqovlyu” qəzetlərində baş redaktor, AzTV-də redaktor, şöbə müdiri və baş redaktor vəzifələrində çalışıb.
Vurğulanıb ki, İ.Göyçaylı Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə əmək sərf edərək radionun formalaşmasında müstəsna xidmətlər göstərib. O, yaradıcılığı boyu poeziyanın dili ilə insanı düşündürən məsələləri gündəmə gətirib, onları düzgünlüyə, ədalətə səsləyib.
Filologiya elmləri doktoru, professor Vaqif Yusifli şairin yaradıcılığını yüksək qiymətləndirərək onunla bağlı xatirələrini bölüşüb. Vurğulanıb ki, İbrahim Göyçaylı yaradıcılığında insan düşüncələri, vətənpərvərlik, humanizm, sevgi, kədər və xeyirxahlıq kimi mövzuları yer alıb. Unudulmaz şair “Dalğalar qoynunda”, “Yadigar sözlər”, “Gözlərinin işığında”, “Qərənfil işığı”, “Qoymayın qızları kədərlənməyə”, “Uzaq haraylara isinmir ürək”, “Ümiddən uzun gecə”, “Vaxt soruşsa”, “Lirika”, “Ulduzlar nədən danışır”, “Yaşadığım bu dünya”, “Fikrimin sabahı”, “Ömrümüz su kimi” və başqa kitabların müəllifidir. Şairin Rusiyada, Gürcüstanda və İranda kitabları çap olunub. O, həm də nəğməkar şairi kimi tanınıb. Yüzdən çox şeirinə mahnı bəstələnərək tanınmış sənətkarlar tərəfindən ifa olunub. İ.Göyçaylının dünya xalqları ədəbiyyatından etdiyi tərcümələri bu gün də radio dalğalarında səsləndirilir. O, ömrü boyu Azərbaycan ədəbiyyatının əsl təbliğatçısı olub.
Yazıçı-publisist Aqşin Babayev çıxış edərək şairin həyatı boyu daim yaradıcılıq axtarışında olduğundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Daha sonra şairin şeirləri səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə şairin şeirlərinə bəstələnmiş mahnılar gənc və tanınmış sənətkarlar tərəfindən ifa olunub.