MƏDƏNİYYƏT
Tanınmış şair-publisist Coşğun Qarabuludun yeni şeirlər kitabı çapdan çıxıb
Bakı, 25 iyul, AZƏRTAC
Türkiyənin Fəthiyə şəhərində yaşayıb-yaradan tanınmış şair-publisist Coşğun Qarabuludun “Haradan haraya” adlı şeirlər kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, fəlsəfi düşüncələrə, sətiraltı incə yumora köklənən poetik nümunələrdən ibarət yeni nəşr müəllifin Azərbaycan oxucuları ilə ilk görüşüdür.
“Ön söz”ünün müəllifi Milli Məclisin deputatı Cavanşir Feyziyev olan “Haradan haraya” kitabı “Xan” nəşrlər evində çap olunub.
Nazilə Gültacın Azərbaycan dilinə uyğunlaşdırıb tərtib etdiyi kitabın redaktoru Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.
Qardaş ölkədə 10-dək kitabın müəllifi olan C.Qarabuludun yaradıcılığının qayəsini milli vətənpərvərlik məfkurəsi, vətəninə, el-obasına sevgi, xalqına bağlılıq hisləri təşkil edir.