MƏDƏNİYYƏT
Tanınmış şairin ədəbiyyatımıza yeni töhfəsi
Bakı, 16 yanvar, AZƏRTAC
“Vektor” Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə tanınmış alim, şair-publisist Elçin İskəndərzadənin “Əsərləri” beş cilddə nəşr edilib.
AZƏRTAC xəbər verir ki, beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı və sistemli şəkildə seçilmiş əsərləri toplanıb.
Beşcildliyin birinci cildinə şairin şeirləri, ikinci cildinə poemaları, üçüncü cildinə məqalələri, kitablara yazdığı “Ön söz” və rəylər, dördüncü cildə müsahibələr, esselər, tərcümələr, beşinci cildə isə müəllif haqqında ayrı-ayrı söz, sənət, ədəbiyyat xadimlərinin dedikləri, yazdıqları toplanıb.
Cildlərin “Ön söz”ündə Xalq şairləri Məmməd Arazın, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin vaxtilə müəllif haqqında dedikləri fikirləri yer alıb. Bu yazılarda şairin zəngin, çoxsahəli yaradıcılığından, doğulub boya-başa çatdığı doğma Şuşa həsrətindən, el-obasının nisgilindən, yurd yanğısından, əzəli-əbədi torpaqlarımıza qayıtmaq arzusundan, ədəbiyyatımıza və incəsənətimizə gətirdiyi zənginlikdən bəhs olunur.
Eyni zamanda, görkəmli elm, ədəbiyyat, incəsənət xadimlərinin şairin əvvəlki kitabları haqqında rəyləri, kitablarına yazılan “Ön söz”lər, Azərbaycan və dünya mətbuatında şairin yaradıcılıq uğurlarının əks-sədasını beşinci cilddə də görmək olur.
Müəllifin demək olar ki, tam külliyyatını əhatə edən bu beşcildlik zəngin mədəni irsimizə yeni bir töhfədir.
Qeyd edək ki, kitabların redaktoru, akademik Nizami Cəfərovdur.