ELM VƏ TƏHSİL
Tanınmış tədqiqatçı Abid Tahirlinin yeni kitabı işıq üzü görüb
Bakı, 16 avqust, AZƏRTAC
Filologiya elmləri doktoru, tanınmış tədqiqatçı, publisist Abid Tahirli növbəti - 15-ci kitabı ilə oxucularının görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, “Mətbuat: millətin dili, gücü və güzgüsü” adlı əsər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Elmi Şurasının tövsiyəsi ilə nəşr olunub. “Müqəddəs missiya - Vətəndə də, qürbətdə də millət davası”, “Mətbuat –nicat yolu”, “Sönməz məşəl, həmişəyaşar ideya”, “Qəlbin hökmü, qələmin gücü”, “Əsərlər, rəylər”, “Haşiyə” adlı 6 hissədən ibarət kitabda müəllifin son bir neçə ildə KİV-də dərc olunmuş elmi və publisistik məqalələri toplanılıb.
Azərbaycanın ədəbi-mədəni həyatında parlaq iz buraxmış Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl Qaspiralı, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Abay Dağlı, Səlim Rəfiq, Əmin Abid, Əhməd Cavad, Nuru Paşa kimi tarixi simaların fəaliyyətinə, mətbuat tariximizdə mühüm rol oynamış dövri nəşrlərə həsr olunmuş və nadir tarixi sənədlərə, mötəbər mənbələrə istinadən qələmə alınmış məqalələrin həm elmi ictimaiyyətin, həm də geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir. Topluda müəllifin çağdaş ədəbiyyatımızın bir sıra klassik və gənc nümayəndələrinə dair elmi-publisistik məqalələri, eləcə də dövrümüzün aktual problemlərinə həsr olunmuş yazıları yer alıb.
“Elm və Təhsil” nəşriyyatında çap olunmuş 696 səhifəlik kitabın rəyçisi filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğludur.