ELM VƏ TƏHSİL
Tanınmış yaponiyalı alimlərin Londonda nəşr edilmiş dərsliyində həmyerlimizin də məqaləsi yer alıb
Tokio, 13 may, AZƏRTAC
Bu günlərdə Böyük Britaniyanın Mühəndislik və Texnologiyalar İnstitutu tərəfindən tanınmış yapon alimləri Şoiçi İşihara, Şunsuke Kobayaşi və Yasuhiro Ukainin redaktəsi ilə “Yüksəkkeyfiyyətli maye kristal displeylər və intellektual qurğular” adlı ikicildlik dərslik nəşr olunub.
AZƏRTAC xəbər verir ki, həmin dərslikdə hazırda Yaponiyada yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntərin məqaləsi də yer alıb. Bu barədə agentliyin Yaponiyadakı xüsusi müxbirinə müəllif özü məlumat verib.
Xəlil Kələntər bildirib ki, “Optik blokların işıqlandırılması. Funksional işıqlandırıcı platalar üçün optik mikroreflektorlar və mikrodefektorlar” adlı məqaləsində LGP və BLU kimi mikrooptik elementlərin optik strukturu izah olunur.
BLU anlayışını ilk dəfə tətbiq edən Xəlil Kələntər məlumat terminalları üçün LCD-BLU-ları da hazırlayıb. Həmin məhsullar mobil telefonlarda, avtomobillərin naviqasiya sistemlərində, informasiya ekranlarında, video və rəqəmsal kameralarda, notbuklarda, kompüterlərdə, monitorlarda və televiziyalarda istifadə edilir. 1995-ci ildə dizayn edilən həmin məhsullar bu gün də dünyanın bir çox ölkələrində istehsal olunur.
Müəllif qeyd edir ki, mobil telefonun ekranının ölçüsü artdıqca qurğunun çəkisi də artır. Buna görə də çəkinin azaldılması qarşıda mühüm vəzifə kimi dayanır. BLU və LGP-nin qalınlığının azaldılması yeni tətbiqlər üçün vacib mövzuya çevrilib. İncə bir BLU yaratmaq üçün LGP-nin qalınlığı ekranın ölçüsünə mütənasib olmalıdır. Bundan əlavə, BLU-ların funksiyası inkişaf edir və yaxın gələcəkdə daha yüksək perfomansa malik BLU istehsal edilə bilər.
Qeyd edək ki, “Yüksəkkeyfiyyətli maye kristal displeylər və intellektual qurğular” adlı ingilis dilində Londonda nəşr olunan kitablar yalnız Böyük Britaniyada deyil, eyni zamanda, dünyanın bir çox ölkələrində həmin sahə üzrə əhəmiyyətli dərs vəsaiti hesab olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio