MƏDƏNİYYƏT


Tanınmış yazar Əkbər Qoşalı beynəlxalq konfransda çıxış edib və yeni hekayəsi Özbəkistanda çap olunub

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı Qazaxıstan Jurnalistlər Birliyinin (QJB) təşkil etdiyi “Türküstan türkləri” videokonfransında iştirak edib.

AZƏRTAC xəbər verir ki, onlayn konfrans öz adını ustad qazax yazıçısı Marhabat Bayqutun eyniadlı kitabından götürüb və tədbir çərçivəsində həmin kitabın təqdimatı da keçirilib. Konfransa QJB-nin Türküstan regional bölməsinin rəhbəri Qalımjan Elşibay aparıcılıq edib.

Əvvəlcə Türküstan vilayət başçısının müavini Saken Kalkamanov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunu oxuyub.

Sonra Əhməd Yəsəvi Universitetinin rektoru, professor Bolatbek Abdrasilov, QJB-nin sədri Seitqazi Matayev, Qazaxıstan Yazıçılar Birliyinin (QYB) rəhbəri Uluqbek Esdövlət və digərləri təbriklərini səsləndiriblər.

Videokonfransda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, QYB İdarə heyəti başqanının müavini, şair Baurjan Jakup, Özbəkistan və Türkiyədən olan tanınmış alimlərlə yanaşı, ölkəmizi təmsil edən Əkbər Qoşalı da çıxış edərək ürək sözlərini, Türküstanın türk dünyasındakı yeri və rolu barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, bu günlərdə Əkbər Qoşalının yeni hekayəsi Özbəkistanda çap olunub. Qardaş ölkənin istedadlı gənc yazarı Rəhmət Babacan tərəfindən özbəkcəyə uyğunlaşdırılan hekayə “Mən ölürəm, İradə” adlanır. Hekayənin çap olunduğu “İnsan və qanun” qəzeti Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin orqanıdır, əsasən abunə yolu ilə yayılır və qardaş ölkənin nüfuzlu nəşrlərindən sayılır. “İnsan və qanun”un baş redaktoru tanınmış yazıçı-dramaturq, publisist Qoşqar Norkobildir.

Ə.Qoşalı bu qəzetdə çap olunan ilk yeni nəsil yazarımızdır. O, bundan öncə Özbəkistanın “Kitab dünyası”, “Yaşlek”, “Gün”, “Termez Universiteti” və başqa nəşrlərində də çıxış edib, şeirləri Azərbaycan şairlərinin özbəkcə çap edilən antologiyalarında yer alıb. Ə.Qoşalı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə çıxmış “Özbək şeir çələngi”nin də redaktoru olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.