MƏDƏNİYYƏT
Tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirlinin yubileyində onun iki yeni kitabı təqdim edilib
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı, publisist və tərcüməçi Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yazıçı və şairlərin, ictimai-siyasi xadimlərin iştirak etdikləri tədbirdə yubilyarın iki kitabının təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Kamran Nəzirlinin ədəbiyyat və mətbuatımızın inkişafındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, K.Nəzirli hekayə, povest, pyes və oçerklərində müasirlərimizin həyatını qələmə alaraq mənəvi dəyərlərə və klassik ənənələrə sadiq qalmaqla, oxunaqlı əsərlər yaradıb. Onun “Sevgi nağılı”, “Doğmalar arasında”, “Şeytan işığı”, “Komada olan adam”, “Qoca uşaq”, “Ağ ev”, “Miras”, “Dördüncü möhür”, “Qağayılar yuva salanda”, “Xoşbəxt quşlar” və digər kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Yazıçının bədii, elmi-publisistik əsərləri Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Türkiyə, Belarus, Hollandiya, Ukrayna, Koreya, Moldova, Gürcüstan və Özbəkistanda çıxan ədəbi almanax, jurnal və qəzetlərdə dərc olunub, pyesləri bir sıra ölkələrin teatrlarında səhnəyə qoyulub. Onun humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.
Yazıçını yubileyi münasibətilə təbrik edən R.Məcid ona yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov yazıçının əsərləri haqqında təəssüratlarını bölüşüb. Bildirib ki, K.Nəzirli yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan qələm sahibidir. Onun əsərləri bir çox dillərə tərcümə edilib. K.Nəzirli, eyni zamanda, Cek London, Con Qolsuorsi, Herman Melvil, Marqarit Midçell, Oskar Uayld və digər yazıçıların əsərlərini orijinaldan dilimizə çevirən peşəkar tərcüməçilərdən biridir. Bu əsərlər “Dünya ədəbiyyatı kitabxanası” seriyasından buraxılan kitablara daxil edilib. K.Nəzirli Azərbaycan ədəbiyyatının görkəmli simalarının – Rəsul Rza, Nigar Rəfibəyli, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Əli Kərim, Cabir Novruz, Nəbi Xəzri, Xəlil Rza, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı və başqalarının şeirlərini ingilis dilinə tərcümə edərək xarici ölkələrdə nəşri və yayılması istiqamətində böyük işlər görüb. O, Azərbaycan Yazıçılar Birliyinin, Belarus Yazıçılar İttifaqının, bir sıra yaradıcı beynəlxalq təşkilatların üzvüdür. K.Nəzirlinin Azərbaycan-Belarus ədəbi əlaqələrinin inkişafında və möhkəmlənməsində xüsusi xidmətləri var. O, ədəbiyyatımızın MDB məkanında təşviqinə və yayılmasına özünəməxsus töhfə verib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, tanınmış şair Ramiz Rövşən və başqaları çıxış edərək yazıçının yaradıcılığından, peşə fəaliyyətindən bəhs ediblər.
Vurğulanıb ki, K.Nəzirli bir sıra yazıçı və şairlərimizin əsərlərinin MDB üzrə ədəbiyyat portalında, eləcə də Belarusda çıxan ədəbi jurnal və almanaxlarda dərc olunmasında fəal iştirak edir, həmçinin Belarus ədəbiyyatı nümunələrini dilimizə çevirərək nəşr etdirir. Ölkəmizi elmi konfranslarda, ədəbi festival və simpoziumlarda layiqincə təmsil edir. O, publisist və jurnalist kimi Azərbaycan mətbuatında uzun müddət səmərəli fəaliyyət göstərib. “Cəmiyyət siyasətin güzgüsüdür” publisistik kitabı milli mətbuatımızın banisi H.Zərdabi mükafatına layiq görülüb. Habelə ədəbi yaradıcılığı ona bir sıra mükafatlar qazandırıb. Belə ki, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatı, “Mo Dik” romanının tərcüməsinə görə, milli kitab müsabiqəsi çərçivəsində ABŞ-ın ölkəmizdəki səfirliyinin xüsusi mükafatı, Minsk şəhərində keçirilən MDB üzrə beynəlxalq “Rodnoy dom” ədəbiyyat müsabiqəsinin “Qran-Pri” mükafatı və Belarusun İnformasiya Nazirliyinin xüsusi diplomu ilə təltif edilib.
Tədbir çərçivəsində K.Nəzirlinin “Babalar nağıl danışmırlar” hekayələr kitabının və “Dördüncü möhür” romanının təqdimatı olub.
Sonda yubilyar tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.