CƏMİYYƏT
Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 11 iyun, AZƏRTAC
Ötən il avqustun 5-də Bakı şəhər sakini Əli Cəfərovun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Yasamal Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla İbrahim Dadaşovun şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilmiş avtomobilin geri tələb edilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərovu mətbəx bıçağı ilə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etdiyi müəyyən olunub.
İbrahim Dadaşov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.