İQTİSADİYYAT
Tarif Şurasının son qərarı biz sakinlər üçün Yeni il hədiyyəsi oldu
Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limiti artırması biz sakinlər üçün Yeni il ərəfəsində böyük hədiyyə oldu. Müəyyən olunmuş əvvəlki limit də bizi qane edirdi. Tarif (qiymət) Şurasında elektrik enerji və qaz limitinə yenidən baxılması və güzəştli limitin artırılmasını xalqımız sevinclə qarşıladı.
Bunu şəhər sakini Arzu Həkimova AZƏRTAC-a müsahibəsində bildirib.
Xatırladaq ki, dekabrın 22-də dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın 1-dən, mavi yanacaq üzrə isə yanvarın 1-dən tətbiq ediləcək.