REGİONLAR


Tarix-Diyarşünaslıq Muzeyi Bərdəyə gələn qonaqların ən çox ziyarət etdikləri məkanlardandır

Bərdə, 9 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın ən qədim yaşayış məskənlərindən və ilkin şəhər mədəniyyətinin formalaşdığı məkanlardan olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə və təbliğ edilir.

Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Mehriban Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1982-ci ildən fəaliyyət göstərən muzey 2006-2008-ci illərdə əsaslı təmir edilib və 2009-cu ilin mart ayının 2-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Muzeydə Bərdənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini əks etdirən 3179 eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Sakinlərin həyat tərzini, məşğuliyyətini və məişətini əks etdirən eksponatlar, qədim dövrdə istifadə olunan məişət əşyaları və əmək alətləri, xüsusən də Bərdə şəhərinin VII-IX əsrlər dövrünü əks etdirən maket ziyarətçilərin daha çox marağına səbəb olur. Maketdə əks olunan şəhərin qala divarları, müxtəlif istiqamətlərdə qapılar, Bərdə türbəsi, Tərtər çayı üzərində körpü, yaşayış evləri, mədrəsə və məscidlər, bazar, sənətkar məhəlləsi orta əsrlərdə Bərdə şəhəri, onun əhalisi haqqında geniş təsəvvürlər yaradır. Orta əsrlərdə Bərdə şəhərində kəsilmiş sikkə də maraq doğurur. Muzeydə ən qədim eksponat süzgəcli daşdır ki, onun da 2500 yaşı var.

Mehriban Əliyeva qeyd edib ki, muzeyin eksponatları rayon ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət nümunələri hesabına zənginləşir. Eksponatlardan bir hissəsi məktəblərdə aparılan təbliğat işlərindən sonra şagirdlər tərəfindən muzeyə hədiyyə olunub. Təkcə 2018-ci ildə muzeyə 79 eksponat daxil olub ki, onun da 47-si məktəblilər tərəfindən verilib.

Muzeydə 2016-cı il Aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının şəkillərindən ibarət guşə yaradılıb. Bərdə şəhidlərinin şəkilləri və şəxsi əşyalarından ibarət guşənin də yaradılması nəzərdə tutulur.

Ekspozisiyaların zənginləşməsinin nəticəsidir ki, muzeyi ziyarət edənlərin sayı ildən-ilə artır. Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin və şəhərinin qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. 2018-ci ildə muzeyi 12 min 575 nəfər ziyarət edib. Onlardan 200 nəfərdən çoxu xarici turistlərdir.

Muzeydə il ərzində müxtəlif kütləvi tədbirlər təşkil edilir, yerli və xarici turistlərə xidmət göstərilir. Muzeydə, həmçinin mütəmadi olaraq tarix dərsləri keçirilir ki, bu da yetişməkdə olan gənc nəslin bölgənin tarix ilə daha yaxından tanış olmasına imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.