ELM VƏ TƏHSİL


Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilib.

Tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul olunub.

İnstitutun direktoru bildirib: “Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.

Akademik qeyd edib ki, 1988-1990-cı illərdə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsi azadlıq hərəkatının ən mühüm mərkəzlərindən biri idi: “BDU-nun elmi şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onların universitetdə saxlanmasına nail oldum. Mənə qarşı elə rejim yaratdılar ki, tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim”.

“Fəxr edirəm ki, 1990-cı ildə hələ SSRİ dağılmamış bir dekan kimi tarix fakültəsində gənclərin təşəbbüsü ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə sədri olduğum elmi şurada məsələ qaldırdım və buna nail oldum”, - deyə Yaqub Mahmudov bildirib.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa qeyd edib ki, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinin Moskvanın və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib.

Konfransda Tarix İnstitutunun gənc alimləri bildiriblər ki, sovet ordusu Tbilisi (1989) və Vilnüs (1991) hadisələrindən fərqli olaraq Bakıda genişmiqyaslı və qəddarcasına qırğın törədib. Keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov gürcü və Litva xalqlarından üzr istədiyi halda, Azərbaycan xalqından üzr istəməyib. Bu, heç şübhəsiz, İslam və türk amilləri ilə əlaqəlidir.

Elmi konfransda çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə qanla yazıldığını və xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.