ELM VƏ TƏHSİL
Tarix İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elm həftəsi çərçivəsində növbəti tədbir Tarix İnstitutunda təşkil edilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri institutun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov açaraq xalqımızın hər zaman öz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, xatirəsini uca tutduğunu söyləyib. O qeyd edib ki, ermənilərin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhə, bütünlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr vurub.
Tədbirdə “Şimali Azərbaycanın işğalından Qarabağın işğalına gedən yol: tarixi faktların izi ilə”, “Çar Rusiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ermənilərin köçürülərək məskunlaşdırılması siyasəti”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi məsələləri”, “Sovet imperiyasının süqutu və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı” mövzularında məruzələr dinlənilib.