ELM VƏ TƏHSİL
Tarix İnstitutunda Cümhuriyyət dövründə cərəyan edən proseslər sistemli şəkildə araşdırılır
Bakı, 31 may, AZƏRTAC
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Quba bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə” mövzusunda dissertasiya müdafiəsi keçirilib.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, dissertasiya işinin müəllifi Rəxşəndə Bayramova, elmi rəhbəri isə institutun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvelldir.
Dissertasiya Şurasının sədri, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması barədə vəzifə qoyduğunu deyib. Bildirilib ki, dissertasiya Quba bölgəsində 1917-1921-ci illərdə cərəyan edən proseslərin sistemli şəkildə araşdırıldığı ilk tədqiqat əsəridir.
Dissertant Rəxşəndə Bayramova qeyd edib ki, daşnak-bolşevik birliklərinin Quba qəzasında törətdikləri soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) topladığı sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilib. O deyib: “FTK-nın sənədləri ermənilərin Cənubi Qafqazda, o cümlədən Qubada törətdikləri vəhşilikləri ifşa edən əvəzolunmaz tarixi mənbədir”.
Diqqətə çatdırılıb ki, R.Bayramovanın 2018-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan “Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində (1917-1920-ci illər)” kitabı çapdan çıxıb. Nəşrin elmi redaktoru akademik Yaqub Mahmudovdur.