ELM VƏ TƏHSİL
Tarix İnstitutunun baş direktoru Kərim Şükürov “İlin tədqiqatçısı” mükafatına layiq görülüb
Bakı, 6 oktyabr, AZƏRTAC
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürov “İlin tədqiqatçısı” mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, tarixçi alimə bu mükafat Türkiyədə İstiqlal marşının 100 illiyinə və Mehmet Akif Ərsoya həsr edilən konfransda verilib.
Professor Kərim Şükürov konfransın bağlanış panelində “Mehmet Akif və Azərbaycan: dövrün siyasi dinamikası və əlaqələrə dair” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, Mehmet Akifin yaradıcılığı türk xalqlarının, o cümlədən Azərbaycanın ədəbi və ictimai-siyasi fikrində mühüm rol oynayıb. Bu sahədə istər Türkiyə, istərsə də Azərbaycanda aparılan tədqiqatlarda hələlik yalnız Mehmet Akiflə yerli müəlliflərin əsərlərinin mövzuları üzrə paralellər, müqayisələr aparılır. Problemi daha dərindən araşdırmaq üçün, onun dövrləri və xarakteristikasının müəyyən edilməsinə ehtiyac var: “Burada universal yanaşma kimi həmin ölkələrdəki siyasi dinamika ön plana çıxır. Mehmet Akif yaradıcılığının formalaşması, inkişafı, ədəbi hadisəyə çevrilməsi və yaşaması prosesi davam edərkən Azərbaycanın siyasi həyatında bir neçə dövr (Rusiya imperiyası dövrü, Cümhuriyyət, sovet və yeni müstəqillik dövrləri) dəyişib. Tarixi-müqayisə metodu əsasında bu dövrlər üzrə Azərbaycanda Mehmet Akifin ədəbi irsinə münasibət müəyyən edilir. Rusiya imperiyasının müqavimətinə baxmayaraq, məhz həmin dövrdə Azərbaycan Mehmet Akif yaradıcılığı ilə tanış olur. Cümhuriyyət dövründə (1918-1920) Azərbaycan-Türkiyə münasibətləri kontekstində bu əlaqə genişlənir. Sovet dövründə Mehmet Akif yaradıcılığı və ideyaları faktiki olaraq qadağan olunur. 1980-ci illərin sonlarında Azərbaycanda milli-azadlıq uğrunda mübarizə genişlənir və 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə başa çatır. Bu dövrdə Mehmet Akif Azərbaycanın da istiqlal şairinə çevrilir və milli istiqlalçı şairlər dəstəsinin yaranmasına təkan verir”.
Konfransda Tarix İnstitutunun şöbə müdiri tarix elmləri doktoru professor Şahin Fərzəliyev “Mehmet Akif Ərsoyun misralarında təzminlər” mövzusunda çıxış edib.