ELM VƏ TƏHSİL
Tarix Muzeyi: Qusarda arxeoloji tədqiqatlar aparılıb
Bakı, 9 avqust, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev Qusar rayonunda elmi ezamiyyətdə olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində bizim eranın I minilliyinin ilk rübünə (erkən dəmir, antik və erkən orta əsrlər) aid arxeoloji, tarixi abidələr haqqında məlumat əldə etmək, maddi-mədəniyyət nümunələri toplamaq məqsədilə tədqiqat işləri aparılıb.
L.Mustafayev deyib ki, ərazidə həm əl ilə, həm də dulus çarxı ilə hazırlanmış müxtəlif çeşidli keramika fraqmentləri var. İri təsərrüfat küpü, qazan, boşqab, dolça, bardaq və digər maye istifadəsi üçün nəzərdə tutulan saxsı əşyaların hissələri ətrafa səpələnib. Saxsı fraqmentlərinin əksəriyyəti şirsizdir. Bir-iki şirli keramika fraqmenti də əldə edilib. Təpəliyin ətrafında yüksək keyfiyyətlə bişirilmiş, dəmir dövrünün başlanğıcı və eramızdan əvvəl I minilliyin ortaları üçün xarakterik olan tünd boz, bir qədər göyümsov rəngli təsərrüfat küplərinin hissələrinə də rast gəlinir.
Toplanılan keramika nümunələrinə əsasən qeyd edilən ərazidə bir neçə dövr ərzində (antik, erkən orta əsrlər, orta əsrlər) yaşayışın olduğunu güman etmək olar.
L.Mustafayev Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyində də olub.