ELM VƏ TƏHSİL


Tarix Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olacaq

Bakı, 17 may, AZƏRTAC

Mayın 19-da Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, hazırda sərgi üzərində son tamamlama işləri gedir. Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus eksponatlar əsasında qurulub. Muzey əməkdaşları tərəfindən yüzlərlə şəhid və qazilərin ailələri ilə əlaqələr qurulub, onlardan real tarixi eksponatlar qəbul edilərək muzeyə daxil edilib. Eksponatların çoxluğu nəticəsində muzeyin strukturunda dəyişiklik edilib və “Vətən müharibəsi fondu” yaradılıb ki, müharibəyə aid bütün növ eksponatlar bu fonda təhvil verilib.

Sərgi xronoloji prinsip əsasında qurulub, yəni döyüş əməliyyatları xronoloji ardıcıllıqla, sentyabrın 27-dən başlayaraq nümayiş olunur. Eksponatların çoxluğunu və muzeyin ekspozisiya məkanının məhdud olmasını nəzərə alaraq sərgi iki mərhələdə təşkil olunacaq. Yanvarın 1-dən martın 15-dək əşyaları toplanmış ilk 101 şəhidin əşyaları hazırda nümayiş olunur, martın 15-dən sonra toplanmış eksponatlar isə iki aydan sonra sərgilənəcək.

Bu sərgidə Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilib. Sərgidə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar, həmçinin Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim, ləvazimat, şəxsi sənədlər və s. nümayiş olunur. Ümumilikdə sərginin eksponatları 30 vitrindən ibarətdir.

Xatırladaq ki, “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 fotoşəkil və Gəncə və Bərdəyə vurulmuş raket zərbələrini nümayiş etdirən onlarla eksponat nümayiş olunur. Beləliklə, “Anadır arzulara hər zaman Qarabağ” sərgisinə baxış zamanı həm fotosərgi, həm də döyüş əməliyyatlarını göstərən sərgi ilə tanış olmaq mümkündür.

Sərginin açılış mərasimi karantin tələblərinə uyğun olaraq keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.