ELM VƏ TƏHSİL


Tarix Muzeyində Əzim Əzimzadənin adını daşıyan rəssamlıq məktəbinə aid fotoneqativ qorunur

Bakı, 8 dekabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ fondunda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə aid fotoneqativ qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1920-ci ildə Bakıda Azərbaycan Dövlət Rəssamlıq Studiyası yaradılıb və ali rəssamlıq məktəbinə çevrilib. 1923-cü ildə məktəbdə təsviri sənət şöbəsi açılır. Bu şöbədə əsasən qızlar çoxluq təşkil edirdi. 1924-1936-cı illərdə rəssamlıq məktəbinin tələbələri ilk yaradıcılıq sərgilərini təşkil edirlər. Əzim Əzimzadə rəssamlıq məktəbində tələbələrin yaradıcılığına, yerli rəssam və kadrların inkişafına hərtərəfli kömək göstərirdi. O, 1937–1943-cü illərdə rəssamlıq məktəbinin direktoru olub. Ə.Əzimzadə çox istedadlı qrafik, rəssam, gözəl müəllim və “Molla Nəsrəddin” jurnalının tərtibatçılarından biri idi. 1938-ci ildə rəssamlıq məktəbinin adı dəyişdirilərək Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlandırıldı və həmin ildə burada heykəltəraşlıq şöbəsi də açıldı. 1940-cı ildə məktəbin 20 illik yubileyi qeyd olunub. 1941-1945-ci il müharibəsində rəssamlardan bir qrupu cəbhəyə gedib və onların çoxu geri qayıtmayıb. Onların arasında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adını qeyd etmək olar. Müharibədən sonrakı illərdə rəssamlıq məktəbi inkişaf etdikcə onun yeni şöbələri açılır. Burada artıq bədii tərtibat, qrafika, teatr rəssamlığı şöbələri fəaliyyət göstərməyə başlayır. 1970–1980–ci illərin ali təhsilli rəssamları həmin şöbələrdə yeni kadrlar hazırlamaq üçün pedaqoji fəaliyyətə başlayırlar.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci kimi həmin akademiyanın tabeliyinə verilir. Bu kollec fəaliyyətində keçmiş ənənələrə əsaslanaraq bilikli, savadlı, bacarıqlı gənc rəssam kadrları yetişdirməyi qarşıya məqsəd qoyub. Burada ixtisas fənləri ilə yanaşı, tələbələrə tarix, ədəbiyyat, kimya, fizika, xarici dillər, hərbi vətənpərvərlik və idman dərsləri də tədris olunur.

Qeyd edək ki, fotoneqativ muzeyə1957-ci ildə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.