ELM VƏ TƏHSİL


Tarix Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş vebinar

Bakı, 18 may, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyi və Göyçay Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların işinin təşkili” mövzusunda vebinar keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirə moderatorluq edən Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zümrüd İsmayılova Beynəlxalq Muzeylər Gününün təsis tarixi haqqında ətraflı məlumat verib.

Vebinarda muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı pandemiya dövründə muzeydə görülən işlərdən və sərgilərdən danışıb. Akademik qeyd edib ki, texnologiyaların inkişaf etdiyi bir dövrdə pandemiya muzeylər üçün əngəl olmamalıdır. Muzeylər bağlı olduğu müddətdə işçilərin əsas fəaliyyət istiqamətləri videomühazirələrin təşkilindən, uşaqlar, böyüklər, tələbələr və müəllimlər üçün müxtəlif maarifləndirmə resurslarının, muzeyin rəqəmsal kolleksiya resurslarının təqdimatını həyata keçirməkdən ibarət olub. Mövcud karantin şəraitinin muzeylərə əsas mənfi təsirləri ziyarətin dayandırılması, normal iş fəaliyyətinin pozulması, layihələrin təxirə salınması sayıla bilər. Müsbət təsiri isə muzeylərin onlayn fəaliyyət sahəsində təcrübə qazanması, onlayn şəkildə maarifləndirmə işinin genişləndirilməsi, elmi araşdırmalar üçün daha çox vaxtın olması, koronavirusun yayılmasının qarşısının alınmasıdır.

Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva çıxışında pandemiya dövründə muzeyin işinin karantin dövrünün tələblərinə uyğunlaşdırıldığını bildirib. Qeyd edib ki, pandemiyadan sonra muzeylər normal iş rejiminə qayıtmaqla yanaşı, onlayn fəaliyyəti daha da gücləndirməyi, bu istiqamətdə yeniliklər etməyi planlaşdırır. Eyni zamanda, tədqiqatçı alim N.Əliyeva muzey, kitabxana və arxivlərdə pandemiya dövründə müasir tendensiyalara uyğunlaşma, tədqiq və təbliğ məsələlərinin təşkili problemlərindən bəhs edib.

Muzeyin Etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova “Pandemiya dönəmində Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyət istiqamətləri” adlı məruzə ilə çıxış edib. Məruzəçi slaydlar vasitəsilə pandemiya dövründə muzeydə keçirilmiş sərgilərdən, bir sıra elmi-kütləvi tədbirlərdən, muzey nəşrlərindən söz açıb. Həmçinin pandemiya dövründə sosial şəbəkə səhifələrində muzeyin nəşrlərini, eksponatlar haqqında maraqlı elmi məlumatları əks etdirən məqalələr, kiçik mətnlər və ya əlamətdar tarixi günlərlə bağlı videoçarxlar yerləşdirildiyini xüsusi vurğulayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov, Göyçay Mərkəzi Kitabxanasının direktoru Nərmin Xəlilova, Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Humay Zülfüqarova, Rəsul Rzanın ev-muzeyinin direktoru Solmaz Həsənova, Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin aparıcı elmi işçisi Aygün Əzizova, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Rzayevanın vebinarın mövzusu çərçivəsində çıxışları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.